Naxçıvan Boks Federasiyası
www.nbf.az



İki boksçumuz Azərbaycan çempionu olub

      Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. 11-15 yanvar tarixlərini əhatə edən yarışa 29 komandadan ümumilikdə 100 idmançı qatılıb.

Naxçıvan Boks Federasiyasının yetirməsi Tayfur Əliyev “Naxçıvan” komandasının təmsilçisi kimi 60 kq çəki dərəcəsində 4 görüş keçirib və hər birində qalib gəlməklə karyerasında 12-ci ölkə çempionluğuna nail olub. Mübarizəyə 1/4 final mərhələsindən qoşulan boksçumuz “Səbail” İK-dan Əsədulla Camaləddinovu daha sonra isə “Balakən” təmsilçisi Ramazan Abdullayevi 5:0 hesablı nəticələrlə məğlub edərək finala adlayıb. Tayfur rinqdəki performansını həlledici döyüşdə də davam etdirərək Fuad Tarverdi (“Qızıl Əlcək” İK) üzərində də inamlı qələbə əldə edərək (5:0) qızıl medala sahib çıxıb.

Federasiyanın digər yetirməsi Eldar Quliyev isə 86 kq çəki dərəcəsi üzrə çempion olub. O, ilk görüşdə “Tərtər” idmançısı İlyas Mehdiyevi tam üstünlüklə məğlubiyyətə uğradıb. Yarımfinalda Rüfət Nəbiyevi (Ağdaş), finalda isə Sürət Qarayevi (“Səbail” İK) 5:0 hesablı nəticələrlə üstələyən Eldar yarışı qızıl medalla tamamlayıb.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
17.01.2022