Naxçıvan Boks Federasiyası
www.nbf.az



Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbirlərə start verilib

      Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbirlərə start verilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qız boksçular arasında muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarış muxtar respublikada boksun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyıb.

Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə 12 çəki dərəcəsi üzrə görüşlər keçirilib.

Rinqdə daha effektiv döyüş nümayiş etdirən İlham Əliyev (Naxçıvan, 46 kq), Kamran Rəsulov (Naxçıvan, 48 kq), Məhəmmədəli Qasımov (Naxçıvan, 50 kq), Elbrus Kərimli (Naxçıvan, 52 kq), Ayxan Heydərov (Naxçıvan, 54 kq), Elgün Rzalı (Ordubad, 57 kq), Sərvan Abdullayev (Sədərək, 58 kq), Turqay Paşayev (Kəngərli, 60 kq), Gülay Hümbətova (Naxçıvan, 63 kq), Əli Abdullazadə (Naxçıvan, 66 kq), Lalə Namazlı (Şərur, 70 kq) və Kənan Allahverdiyev (Naxçıvan, 80 kq) müvafiq çəki dərəcələri üzrə birinci olublar.

Qalib və mükafatçılara diplom və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini Məcid Seyidov təqdim edib.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən Naxçıvanda həftə sonunadək bir sıra idman yarışları keçiriləcək.

Naxçıvan MR İdman və Gənclər Nazirliyinin Mətbuat Xidməti
01.03.2022